Vaşinqton, 15 aprel (AzərTAc). ABŞ-ın “Foreign Policy News” xəbər portalında beynəlxalq münasibətlər sahəsində ekspert Piter Teyzin “Azərbaycanın Birləşmiş Ştatlar ilə strateji münasibətləri haqqında” sərlövhəli məqaləsi dərc olunmuşdur.
Müəllif yazır ki, ABŞ ilə Azərbaycan arasında tərəfdaşlıq iqtisadi islahatların aparılmasına, regional nəqliyyat layihələrinin icrasına kömək etmiş, demokratiyanın bərqərar olmasını dəstəkləmişdir.
ABŞ-ın Avropanı Azərbaycan ilə birləşdirən, ölkəyə gəlir gətirən, iki ölkə arasında strateji əməkdaşlığı möhkəmləndirən transregional dəhlizlərin yaradılmasını dəstəkləməsi onun regionda mühüm rol oynadığını göstərir. Sonra P.Teyz energetika layihələrindən, o cümlədən Azərbaycan neftinin nəqli üçün əsas magistral olan Bakı-Tbilisi-Ceyhan neft kəmərindən və Avropaya 16 milyard kubmetr qaz nəql edəcək Cənub Qaz Dəhlizi layihəsindən söz açır.
Sonda ekspert iki ölkə arasında hərbi əməkdaşlıqdan, Azərbaycanın Əfqanıstan, İraq və Kosovoda koalisiya qüvvələrinin əməliyyatlarında iştirakından yazır.
Yusif Babanlı
AzərTAc–ın xüsusi müxbiri
Vaşiqnton