ABŞ-dan olan ekspert: “Onlar beynəlxalq hüququ qoruyarkən şəhid olub”
Leyla Məhərrəmova/AZADİNFORM. “Qarabağda 5 Azərbaycan hərbçisinin öldürülməsi Ağ Ev və Pentaqon tərəfindən pislənilməlidir”. Bu fikri Azadinform-a açıqlamasında amerikalı siyasi ekspert Piter Teys deyib.
O qeyd edib ki, ATƏT və Avropa İttifaqı üçün sakitliyi qorumaq və bəyanat vermək adət halını alıb, lakin bunun Azərbaycanın suveren ərazilərində olan erməni silahlı qüvvələrinə əhəmiyyətli təsiri yoxdur.
P.Teys bildirib ki, Ermənistan hakimiyyətinin Azərbaycan ərazilərində işğalı davam etdirməsinin bir neçə səbəbi var: “Birinci səbəb BMT, ATƏT, ABŞ Dövlət Departamenti də daxil olmaqla beynəlxalq aktorların məsuliyyətsizliyidir. İkinci səbəb Ermənistanın daxilindəki qarışıqlıq xalqın daha çox ziyan çəkməsinə səbəb olur, lakin hakimiyyət təmas xəttindən xalqın diqqətini yayındırmaq üçün istifadə edir”.
O əlavə edib ki, 5 əsgər beynəlxalq hüququ, öz torpaqlarını və Ermənistan tərəfindən hər gün pozulan insan haqlarını qəhrəmancasına müdafiə edərkən şəhid olub: “Hesab edirəm ki, beynəxalq birlik Cənubi Qafqaz regionunda qanunun aliliyini müdafiə etməlidir və Ermənistan tərəfindən BMT TŞ-nin qətnamələrinə riayət edilməsini təmin etməlidir”.